Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə Bakı şəhərində yaradılıb. Bu gün onun fondunda 135.000-dən artıq material qorunur. Bu materialların sayəsində Azərbaycan peşəkar teatrının yaranma tarixi, inkişaf yolları, maarifçilərimiz, teatr korifeylərimiz haqqında maraqlı məlumatlar əldə etmək mümkündür.
Azərbaycanda ilk peşəkar teatr tamaşası 1873-cü ildə mart ayının 10-da görkəmli maarifçimiz Mirzə Fətəli Axundzadənin “ Lənkəran xanının vəziri” komediyası əsasında oynanılmışdır. Bu tamaşa ilə Azərbaycanda Avropa tipli teatr truppamızın üzvlərinin foto- şəkli, səhnə fədailərimizə məxsus əlyazma və məktublar muzeyimizin ən qədim eksponatlarıdır.
Hazırda muzeyimizdə saxlanc yeri kimi arxiv-memuar, foto- neqativ, eskiz-maket fondları, fonoteka və ekspozisiya- kütləvi şöbələri, kitabxana və fotolaboratoriya fəaliyyət göstərir. Adından bəlli olduğu kimi fondlarda dramaturq, rejissor, aktyor, teatr rəssamlarımızın şəxsi arxivləri, teatr tariximizi özündə görükdürən proqram və afişalar, əlyazmalar, rol dəftərləri, rejissor eksplikasiyaları, ilk teatr truppamızın, müxtəlif dövr sənətkarlarımızın, teatr tamaşalarımızın fotoları, neqativlər, tamaşalara çəkilmiş geyim və dekorasiya eskizləri, maketlər saxlanılır.
Muzey əməkdaşlarımız fondlarımızın bu kimi materiallarla zənginləşməsi üçün teatrlarla sıx əlaqə saxlayır, hər ilin repertuarına dair proqram və afişaları, dövrü mətbuatda çıxan elmi və tənqidi məqalələri muzeyə toplayırlar.
Eləcə də muzeyin fotoqrafı tərəfindən repertuarda olan tamaşalar da lentə çəkilir ki, bu da öz növbəsində fondlarımızın zənginləşməsi yolunda atılan bir addımdır.
Muzeyin ekspozisiyası fond materialları əsasında qurulmuşdur. Burada ayrı-ayrı teatrların yaranma tarixi, görkəmli sənətkarlarımız, ən uğurlu teatr tamaşalarımız haqqında dəyərli nümunələr nümayiş olunur. Bunlarla yanaşı muzeydə teatr sənətkarlarına həsr olunmuş xatirə gecələri keçirilir, onların həyat və yaradıcılığına həsr olunmuş foto-sərgilər hazırlanır.
Xalqımızın mədəni irsinin qorunması, əsrlərdən-əsrlərə ötürülməsi və teatr tarixinin təbliği işi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ən böyük missiyasıdır. 2011-ci ilin mart ayından muzeyin 3D texnologiyası əsasında veb saytı fəaliyyət göstərir.